
Moldovanın tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul (Евгения Гуцул) çərşənbə axşamı, martın 25-i axşam Kişinyov hava limanında saxlanılıb.
“Tədbir cinayət işi çərçivəsində həyata keçirilib”. Bunu Moldova Milli Antikorrupsiya Mərkəzindən (KNA) bildiriblər. Qutsul hələlik 72 saatlığına polis nəzarətinə verilib.
Moldovanın TV8 telekanalı xəbər verir ki, bir gün əvvəl KNA Qutsulun Rusiyayönlü “Şor” partiyasını qanunsuz maliyyələşdirməsi ilə bağlı iş üzrə sübutların təqdimatını başa çatdırıb. İstintaqın məlumatına görə, Qutsul 2019-2022-ci illərdə partiyada katib işləyərkən Rusiyadan mütəşəkkil cinayətkar qrupdan aldığı pulları sistemli şəkildə Moldovaya idxal edib.
Qutsul isə hesab edir ki, ona qarşı cinayət işi Moldova prezidenti Maia Sandunun “sifarişi ilə hazırlanıb”.
Reuters qeyd edir ki, rusiyayönlü deputat Aleksandru Nesterovski oxşar korrupsiya ittihamı ilə 12 il həbs cəzasına məhkum edildikdən sonra ötən həftə yoxa çıxıb. Və ardınca Qutsul saxlanılıb.
Qutsul və ailəsi Avropa Birliyinin sanksiyalarına daxil edilmiş şəxslərdir. Brüssel 2024-cü ilin oktyabrında onları Moldovada sabitliyin pozulmaqda günahlandıraraq sanksiya siyahısına daxil edib. Brüsselin fikrincə, Qutsal regionda “separatizmi təbliğ etmək” üçün məsuliyyət daşıyır, “konstitusiya quruluşunu devirməyə, Moldovanın suverenliyini və müstəqilliyini təhdid etməyə” çalışır.
EDMON DANTES